Manatı devalvasiya gözləyirmi? | TƏHLİL
// İqtisadi reallıq şayiələrə qarşı
Azərbaycanda devalvasiya sonuncu dəfə ildə iki dəfə olmaqla birincisi 21 fevral 2015-ci ildə, ikincisi isə 21 dekabr 2015-ci ildə baş verib: Mərkəzi Bank (AMB) manatın 1 dollara görə dəyərini əvvəl 1,05 azn, sonra isə 1,55 manat səviyyəsində müəyyən etmişdi. 2016-cı ilin əvvəlində isə AMB bəyan etdi ki, “yumşaq üzən məzənnə” rejiminə keçir. Çünki əvvəlki ildə iki dəfə devalvasiyaya baxmayaraq, məzənnədə tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya ehtiyac qalırdı. Milli Bankın rəsmi ehtiyatları isə tükənmək üzrə idi.
Beləcə, manatın taleyi tam olmasa da, hərracların ümidinə buraxıldı. Nəticədə 1 ABŞ dolları 2 manatadək bahalaşdı. Lakin həmin ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdikdən sonra manat dollara nisibətdə 1,70 azn səviyyəsində qərarlaşdı. Yenə də əsas etibarilə AMB-in qərarı ilə.
Manatın növbəti devalvasiyası ehtimalına gəlincə, ölkənin tədiyyə balansı göstəricisinin müsbət saldoda qaldığı, xarici ticarət dövriyyəmizdə ixracın idxaldan üstün olduğu, neftin qiymətinin dövlət büdcəmizdə təsbit ediləndən yuxarı olduğu şəraitdə bu, heç bir şəkildə baş verə bilməz. Çünki əvvəla, ölkədə valyuta tənzimlənməsində “üzən məzənnə” rejimi fəaliyyət göstərmir (nə vaxt göstərəcəyi də bəlli deyil). Bayaq da xatırlatdım ki, 2016-cı ildə buna cəhd edildi, amma alınmadı. Çünki ölkəyə xarici valyuta axını yalnız bir kanal (mənbə) hesabına daxil olduğundan, milli valyutamızın dəyəri neftin və qazın kənara satış qiymətlərindən asılıdır.
Bəli, sərbəst üzən məzənnə rejimi ən mükəmməl metod sayılır. Ancaq real şəraitdə onun tətbiqi manatın ucuzlaşacağı ilə nəticələnəcəyindən, məqsədəuyğun hesab edilmir. Ölkədə xarici valyutaya tələb artan kimi ajiotaj ortaya çıxa və manat kəskin dəyərsizləşə bilər. ABŞ dollarına keçən ildən etibarən artan tələb buna misaldır. Valyuta bazarımızda 9 ildir davam edən sabitliyin tezliklə pozulacağı və manatın ABŞ dolları qarşısında ucuzlaşacağı haqda fikir məhz bundan sonra ortaya çıxdı. Ortada valyuta bazarına təzyiq yaradacaq heç bir iqtisadi, maliyyə və s. səbəb olmadığı halda AMB tərəfindən keçirilən hərraclarda ABŞ dollarına tələbin artması devalvasiya söhbətini qabartdı.
Yeri gəlmişkən, AMB-nin məlumatına əsasən cari ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları satılıb ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Lakin bunun manata təsir və təzyiq yaratmaq imkanı yoxdur.
Digər tərəfdən, devalvasiya hökumətə də sərfəli deyil. Bu addım istər büdcə planlaşdırması, istər sosial, istər qiymətlərin tənzimlənməsi, istərsə də ümumi balans və strategiya baxımından məqsədəuyğun deyil. İqtisadiyyatda geniş rəqabət imkanları olsaydı, bu məsələyə baxmaq olardı. Ancaq o şəraitdə sərbəst üzən məzənnə rejimi də məqsədəuyğun sayıla bilərdi.
O ki qaldı “devalvasiya nə vaxt baş verə bilər” sualına, yazdıqlarımdan cavab aydındır. Ancaq bir iş var ki, ötən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi azalır. Səbəb təkcə neft-qaz sektoruna aid deyil. Neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft sektoruna aid məhsulların ixracı gərək azalmasın, artsın. Bizdə isə idxal getdikcə genişlənir. Bir tərəfdən də neftin qiyməti düşür. Və nə vaxtsa həddindən artıq yüksək olacağı daha gözlənilmir.
Bəli, devalvasiya olmayacaq. Amma bu, “heç vaxt olmayacaq” demək də deyil.
Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Manat Devalvasiya Dollar